Publication: ADAlılar | Issue 2 | Summer 2020
Date
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
Əziz oxucu, Bilsəydin səninlə yenidən görüşməyimizə necə şadıq. Düzünü deyim, sənin üçün darıxmışdıq, hətta bir az nigaran idik. Nəyə görə? Əlbəttə ki, dünyanı cənginə almış COVİD-19 pandemiyası təhlükəsinə görə. Amma, əgər sən bu anda jurnalımızı vərəqləyirsənsə, deməli hər şey qaydasındadır. Deməli sağlamsan, enerjilisən və həyata möhkəm və nikbin addımlarla davam edirsən. Tam ADAlılar kimi! Biz də yaxşıyıq. Yaxşı xəbərlərimiz çoxdur. Tədris ilini müvəffəqiyyətlə bitirdik. Otuz altı şagirdimiz məzun oldu. Buna hər birimiz çox sevinirik. Çünki məktəb üçün onun uğurlu məzununu görməkdən yaxşı nə ola bilər ki? İkinci semestrin demək olar ki əvvəlindən distant təhsil formatına keçdiyimizə baxmayaraq, tədrisimizi bir an belə dayandırmadıq. Bəli, evdə qalmalı olduq, dostlarımızı, həmkarlarımızı, sinif yoldaşlarımızı canlı görmək imkanımız olmasa da, sosial fəallığımızı yenə də davam etdirdik. Onlayn formatda bir neçə maraqlı görüşlər, müsabiqələr keçirdik. Fədakar müəllimlərimiz sayəsində mövcud vəziyyəti öz xeyirimizə çevirə bildik. Bir birimizin qayğısına daha çox qalmağı öyrəndik. Ən nəhayət isə, ilk məzunlarımızı kağızdan düzəldilmiş qayıqlar tək həyatın açıq dənizinə buraxdıq. Bir qayığı dənizə buraxanda, bilmək olmaz ki ləpələr onu hara, hansı istiqamətə, hansı sürətlə aparacaq. Bəzən sərt dalğalar onu silkələməyə, sarsıltmağa çalışacaq. Amma bu qayığın möhkəmliyi onu düzəldən əllərdən, müəllimlərin və valideynlərin sevgisindən, qoyduqları zəhmət və qayğısından asılı olacaq. Mən inanıram ki, ADA Məktəbinin öz məzunlarına verdiyi biliklər, aşıladığı yüksək mənəvi dəyərlər onların qayığını həyat dənizinin sərt küləklərinə və dalğalarına qarşı hər zaman möhkəm və sarsılmaz edəcək. Samir Cavadov Baş redaktor
