Publication: Azərbaycançılıq və “Kitabi - Dədə Qorqud” dastanı
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
Qloballaşma prosesi bəşəriyyətin gələcək inkişafında millətlərarası münasibətləri artırmaqla yanaşı daha təkmil mədəniyyətlararası ünsiyyətin vacibliyini də qarşımıza qoydu. Bu ünsiyyət üçün istifadə etdiyimiz “dil” isə bizi linqvistikadan daha geniş sahələrə yönəltdi- milli kimliyimizi anlayıb, tarix və mədəniyyətimizin bizə açdığı imkanlardan istifadə edib qərarlarımızı formalaşdırmalı və tərəflərə bildirməliyik. Azərbaycanlıların “milli kimliyi” deyəndə, onlara məxsus dəyərlər, ənənələr, mədəniyyət, dil və dinlə çərçivələnən vahid özünüdərk başa düşülürsə, tətbiqdə bu, bir xalqın inkişafda olan hekayəsi kimi də qəbul oluna bilər və, beləliklə, elmi baxımdan daim diqqətdə saxlanılmalıdır. Bu kitabın nəşr olunduğu 2020-ci il də göstərdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin acı nəticələrinin uzun zaman milli kimliyimizə hopdurduğu “məğlubiyyət” hissi az bir zamanda dəyişərək “milli zəfər”ə dönə bilər. Minilliklərlə yaşı olan xalqımız tarixi siyasi səbəblərə görə istiqlal arzusunu yalnız XX əsrdə gerçəkləşdirə bildi. Bu başlanğıcda öz köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış, keçmişinin zəngin irsi, o cümlədən intellektual, mənəvi və ictimai dəyərləri basılmış azərbaycanlılar ciddi ideoloji boşluq yaşayırdılar. Müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyev “azərbaycançılıq” məfkurəsinin banisi kimi kimlik ideologiyasını dövlət quruculuğunun bütün sahələrinə tətbiq etdi. Bunu edərkən o, Şərqin ilk demokratiyası, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının azərbaycançılıq ideologiyasına müraciət etdi. Müstəqil Azərbaycan dövləti xalqımız üçün ən qiymətli və ali tarixi nailiyyətdir. Onun qorunması, möhkəmləndirilməsi özünü azərbaycanlı hesab edən hər bir insanın müqəddəs borcudur. Bu missiyanı təmin etmək üçün “azərbaycançılıq” ideologiyası təhsilimizin mütxtəlif pillələrində öz əksini tapmalıdır. Belə fəlsəfədən irəli gələrək universitetimizin təşəbbüsü ilə 2014-cü ildən başlayaraq “Azərbaycanşünaslıq” fənninin tədris edilməsi başlandı. O zamana qədər tələbələrimizə milli kimliyin aşılanması həyata keçirdikləri çoxsaylı sosial məsuliyyət layihələri vasitəsi ilə öyrədilirdisə, “Azərbaycanşünaslığ”ın tədrisi bu sistemli yanaşmanı elmi baza ilə möhkəmlətdi. Bu fənni tədris edəcək müəllim kimi milli-mənəvi dəyərlərimizin toplusu və ədəbi fikrimizin zirvəsi hesab edilən “Kitabi-Dədə Qorqud” dastanının aparıcı mütəxəssisi, bütün ədəbi və elmi əsərlərində dərin simvolik mənaları məharətlə və metodoloji şəkildə açan Kamal Abdullaya müraciət etdik. O, təklifimizi qəbul edərək bakalavr proqramının ilk ilinin tələbələri üçün “Azərbaycanşünaslıq” fənnində mühazirələr oxudu. Kursun bəzi mövzularına tanımış alim və yazıçı Nəriman Qasımoğlu və Universitetimizin müəllimi Şəfəq Mehrəliyeva da töhfələrini verdilər. “ADA” Universitetinin oxuculara təqdim etdiyi “Azərbaycançılıq və Kitabi-Dədə Qorqud” kitabı həmin fənnin mühazirələri əsasında tərtib edilib. Ümid edirik ki, bu kitab digər təhsil müəssisələrində də “azərbaycançılıq” məfkurəsinin tədrisində dəyərli vəsaitə çevriləcək.
Hafiz Paşayev “ADA” Universitetinin rektoru
