Publication: Rektorların Liderlik Tərzinin İdarəetmədə və Akademik Mühit Kontekstində Qiymətləndirilməsi
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
Bu tədqiqat ali təhsil müəssisələrində rektorların liderlik üslubunun akademik keyfiyyətlə bağlı necə qiymətləndirildiyini və bu qiymətləndirmənin hansı istiqamətlərdə formalaşdığını öyrənməyə yönəlmişdir. Mövzu liderlik nəzəriyyələrinin ali təhsil idarəçiliyində tətbiqi və bu yanaşmaların yerli ali təhsil mühitində necə qavrandığını araşdırmaq baxımından aktuallıq kəsb edir.
Araşdırma Elm və Təhsil Nazirliyinə tabe olan dövlət ali təhsil müəssisələrində aparılmışdır. Bu ali məktəblərin ikisi paytaxtda, ikisi isə regionlarda yerləşir ki, belə bir seçimin məqsədi fərqli təşkilati və akademik göstəricilərin tədqiqat kontekstinə daxil edilməsidir.
Tədqiqat Creswell və Plano Clark tərəfindən təsvir olunan izahlı ardıcıl qarışıq metod modelinə əsaslanmışdır. Kəmiyyət mərhələsində akademik heyət arasında sorğu həyata keçirilmiş, keyfiyyət mərhələsində isə ekspertlərlə yarı-strukturlaşdırılmış müsahibələr aparılmışdır. Bu iki mərhələnin birləşdirilməsi nəticələrin həm statistik, həm də məzmun baxımından daha dolğun qiymətləndirilməsinə imkan vermişdir. Əldə olunan nəticələr bu sahədə xarici ölkələrdə həyata keçirilmiş tədqiqat nəticələri ilə müqayisə edilmişdir.
Sorğu nəticələri akademik heyətin rəhbərliyin müxtəlif sahələrinə aid məsələlərə, məsələn, qərarların qəbul edilməsinə, onların həyata keçirilməsi mexanizminə, qərarların icrasına nəzarətə, motivasiya yaratma bacarıqlarına, təşkilati mühitə bağlı davranışlara və akademik fəaliyyəti dəstəkləyən idarəçilik elementlərinə dair qiymətləndirmələrini əks etdirir. Ekspert müsahibələri isə bu məlumatları tamamlayır və ali təhsil rəhbərliyində önə çıxan əsas liderlik xüsusiyyətləri barədə daha geniş izah təqdim edir.
Araşdırmanın nəticələri göstərir ki, rektor liderliyinə dair qavrayış ali təhsil müəssisələrinin akademik mühiti və institusional iş prinsipləri ilə sıx bağlıdır. Universitet əməkdaşlarının fikirləri idarəetmədə şəffaflıq, qərarvermədə iştirakçılıq, motivasiyaedici idarəçilik və təşkilati mədəniyyətin formalaşması kimi sahələrin xüsusi önəm daşıdığını ortaya qoyur.
Tədqiqat gələcək araşdırmalar üçün bir sıra istiqamətlər müəyyənləşdirir. Bunlara ali məktəblərin sayının artırılması, müşahidə və sənəd təhlili kimi əlavə metodların daxil edilməsi, liderlik modellərinin müqayisəli şəkildə öyrənilməsi və rəhbərliyin çoxsəviyyəli strukturu üzrə tədqiqatların aparılması daxildir. Tələbə perspektivinin araşdırmalara əlavə edilməsi və zaman üzrə dəyişiklikləri izləyən yanaşmaların tətbiqi də gələcək işlər üçün mühüm istiqamətlər kimi qiymətləndirilir.
